Bağırsaq stomasının qoyulması və ləğvi üzrə təlim
Bağırsaq stomasının qoyulması və ləğvində müalicə prosesinin standartlaşdırılması məqsədilə təşkil olunan bu təlim, davamlı tibb təhsili çərçivəsində iştirakçılara müasir cərrahi üsullar və texnikalar barədə dərin biliklər təqdim etməyi hədəfləyir.
Təlim, müalicə nəticələrinin yaxşılaşdırılması və fəsadların azaldılması istiqamətində iştirakçıların praktiki bacarıqlarını artıracaq. Bu təlim, “Qlobal Cərrahiyyə 2030 Proqramı” çərçivəsində hazırlanmış və cərrahiyyə sahəsində peşəkar biliklərin təkmilləşdirilməsini təmin etməyə yönəldilmişdir.
Cərrahi əməliyyatların və prosedurların düzgün və effektiv şəkildə tətbiqi ilə sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılması məqsədinə xidmət edir.
Dəqiq statistik məlumat olmasa da stoma ilə yaşayan insanların sayı milyonlarladır. ABŞ və Çində aparılan hesablamalara görə, hər ölkədə təxminən 1 milyon insan stoma ilə yaşayır. Ölkəmizdə stomalı insanların sayı bəlli olmasa da son illərdə bağırsaq cərrahiyyəsinin inkişafı səbəbindən daimi və ya müvəqqəti stoma daşıyan insanların sayı artmaqdadır. Dəqiq statistika apara bilən ölkələrdə olan məlumatlara əsasən (Böyük Britaniya və İsveç) stomanın çıxarılmasının əsas hissəsi 25-32% olmaqla kolorektal xərçəngin payına düşür.
Digər səbəblər iltihablı bağırsaq xəstəlikləri, mürəkkən anorektal fistulalar, divertikel xəstəliyi, mexaniki bağırsaq keçməməzliyi, fiziki travmalar, bağırsağın işemik xəstəlikləri və nəcis tuta bilməmə kimi hallardır. Stoma çıxarılmasına göstərişlər əməliyyat edən cərrahlarımız tərəfindən müəyyən edilir. Hazırlanmış kliniki standartın və təlimlərin əsas hədəfi „Qlobal Cərrahiyyə 2030“ proqramı çərçivəsində stomanın çıxarılması və onun ləğv edilməsi prosesində standart yanaşmanı təşkil etməkdir.